Sülh olmayacaq? Müharibə?

3030

Qarabağ münaqişəsi daha kəskin və daha təhlükəli olur, amma sülh üçün hələ vaxt var

Tatul Hakopyan, Yerevan, JAM news, http://www.jam-news.net/Publication/Get/az-Latn-AZ/1612

 

Birinci cəhd: müharibənin başlanmasına imkan verməmək

1991-ci ilin sentyabr ayı idi. Sovet İttifaqı artıq bir necə ay idi ki, can verirdi. Bir il əvvəl, 1990-cı ilin avqust ayında Ermənistan parlamenti və onun qeyri-komunist rəhbərliyi istiqlal bəyannaməsi qəbul edərək, SSRİ-nin tərkibindən hüquqi sülh yolu ilə çıxma prossesinə başladı. Azərbaycan və onun kommunist rəhbərliyi 1991-ci ilin mart ayında keçirilən referendumda SSRİ-nin saxlanmasına səs verdi. Dağlıq Qarabağ və Naxçıvanda SSRİ-nin qalması ilə bağlı referendum keçirilmədi. Amma avqust qiyamı hər şeyi alt-üst etdi.

1991-ci il avqust ayının sonlarında Azərbaycan müstəqilliyini elan etdi, bir neçə gün sonra, sentyabrın 2-də isə Dağlıq Qarabağ da mütəqilliyini elan etdi, bununla belə Ermənistan da daxil olmaqla heç bir dövlət tərəfindən tanınmadı.

Boris Yeltsin münaqişəyə qoşulmaq qərarını verdi. O, 1991-ci ilin iyun ayında Rusiyanın prezidenti vəzifəsinə seçildi. Qorbaçovla dərin siyasi fikir ayrılığı olan Yeltsin Qarabağ məsələsində vasitəçi olmaq istədiyini bildirdi. Öz vasitəçiliyinə daha çox çəki və əhəmiyyət qatmaq məqsədilə o, SSRİ-nin ərazisinə görə ikinci dövləti olan Qazaxstan prezidenti ilə birlikdə Qafqaza səfər etdi. Beləliklə, Rusiyanın birinci prezidenti Qarabağ münaqişəsinin nizamlanması məsələsində birinci vasitəçilik cəhdinin təşəbbüskarı oldu .

21-23 sentyabr tarixlərində Yelstin və Nazarbayev Bakıya səfər etdilər, sonra da Gəncədən Stepanakertə, oradan Yerevana, oradan da Şimali Qafqazda yerləşən Jeleznovodsk şəhərinə yollanaraq, sentyabrın 24-də birgə memoradum imzaladılar, memorandumun altında dörd prezidentin imzası varıydı: Yeltsin, Nazarbayev, Levon Ter-Petrosyan və Ayaz Mütəllibovun. Qarabağ tərəfi – Robert Koçaryan, Leonard Petrosyan və Vaqif Cəfərov müşahidəçi qismində iştirak edirdilər.

Koçaryan Qarabağda siyasi lider və DQ-da Ter-Petrosyanın dayağı, Petrosyan isə DQ-da əsas rəsmi şəxs – vilayət şurasının sədri idi. Vaqif Cəfərov isə DQ-da azərbaycanlıların yaşadığı ən iri şəhər olan Şuşanın meri idi.

Jeleznovodsk memorandumu başlamaqda olan müharibəni dayandırmaq üçün aşağıdakı addımların atılmasını təklif edirdi:

  • “Dağlıq Qarabağla bağlı qəbul edilən bütün Konstitusiyaya zidd aktların qüvvədən düşmüş kimi tanınması”. Söhbət o cümlədən DQMV vilayət şurasının 20 fevral 1988-ci il tarixli DQMV-nin Sovet Azərbaycanının tərkibindən çıxıb, Sovet Ermənistanına birləşmək istəyini ifadə edən qərarı, bundan başqa Azərbaycanın 28 noyabr 1989-cu il tarixli qərarından gedir, sonuncu qərara əsasən, inzibati vahid olan DQMV ləğv edilmişdir.
  • atəşin dayandırılması;
  • SSRİ-nin daxili qoşunları istisna olunmaqla, münaqişə zonasından bütün hərbi birləşmələrin çıxarılması.

10 bənddən ibarət memorandum 1 yanvar 1992-ci ildə qüvvəyə minməli idi.

Amma yanvarın 1-də dünyanın siyasi xəritəsindən Yer kürəsinin ən böyük dövləti olan SSRİ yox oldu. Mixail Qorbaçov istefa verdi, ermənilərlə azrəbaycanlılar arasında qanlı qırğının qarşısını alan yeganə güc olan SSRİ daxili qoşunları isə münaqişə zonasını tərk etdilər.

Müharibə: 1992-ci ilin yanvar ayı – 1994-cü ilin may ayı

SSRİ-nin dağılması ilə ermənilərlə azərbaycanlılar müharibəyə başladı, müharibə 1994-cü il may atəşkəsinə qədər sürdü və 12 mindən çox azərbaycanlı və 6 min erməninin həyatına son qoydu.

Siyasi xəritə də dəyişdi. Müharibə başlamazdan əvvəl 4.4 min kvadrat kilometr ərazisi olan Dağlıq Qarabağ Muxtar Vilayətini (DQMV) Sovet Ermənistanına birləşdirməyi arzulayan ermənilər 1994-cü ilin may ayında təkcə DQMV-ni deyil, həm də 7 min kvadrat kilometrlik ətraf ərazini: Azərbaycanın tam 5 rayonunu (Laçın, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Zəngilan) və qismən iki rayonunu (Ağqam, Füzuli) öz nəzarətləri altına götürdülər.

Azərbaycanın hərbi qüvvələri də öz növbəsində, qismən DQ-ın Martakert və Martuni, bundan başqa Şaumyan rayonu və Getaşeni özünün tam nəzarəti altına götürdü.

1994-cü il may atəşkəsindən tutmuş bu günə qədər beynəlxalq vasitəçilər düşmən tərəflərə beş təklif və ya layihə təklif ediblər. Onların hər biri aşağıdakı dörd əsas elementin üzərində qurulurdu:

  • Dağlıq Qarabağın statusu,
  • erməni qüvvələri tərəfindən nəzarət olunan ərazilərin qaytarılması,
  • qaçqın və deport olunmuş şəxslərin evlərinə qaytarılması,
  • təhlükəsizliyə zəmanət.

İkinci cəhd – “paket” və “mərhələli” nizamlama sxemləri

1997-ci ilin yayı, sonra da payızında ATƏT həmsədrləri Bakı, Stepanakert və Yerevana münaqişənin əvvəlcə “paket”, sonra da “mərhələli” həll sxemlərini təqdim etdilər.

1994-cü il may atəşkəsindən sonra danışıqlar müxtəlif ölkə paytaxtlarında – Moskva, Helsinki, Vyana və s. şəhərlərdə keçirilib, onların bəziləri ATƏT-in Minsk qrupunun üzvləri olub, bəziləri isə deyildi. 1997-ci ilin yanvar ayında ATƏT həmsədrləri üçlüyü formalaşdırıldı, bura üç geo-siyasi güc mərkəzi daxil oldu: Rusiya, Birləşmiş Ştatlar və Avropa İttifaqının maraqlarını təmsil edən Fransa.1994-1997-ci illər ərzində danışıqların bütün mərhələlərində Dağlıq Qarabağdan ayrıca nümayəndə heyəti iştirak edirdi.

Azərbaycan bu faktla razılaşa bilmir, amma buna qarşı da çıxmır və danışıqları ləngitmirdi. Faktiki olaraq Azərbaycan mövqeləri əsas məsələlər üzrə üst-üstə düşməyə də bilən Ermənistan və Dağlıq Qarabağla danışıqlar aparırdı. Danışıqlarda həm də milliyyətcə azərbaycanlı olan Şuşanın axırıncı meri Nizami Bəhmənov da iştirak edirdi. Danışıqlar masasına ermənilərdən ayrı oturan Qarabağ nümayəndə heyətindən fərqli olaraq, o Azərbaycan nümayəndə heyətinə daxil idi.

Stepanakert ilk olaraq təklif edilən “paket” sxemini qəti şəkildə rədd etdiyi üçün “mərhələli” sxem lazım oldu. Bu sxem Ermənistan üçün də yolverilməz olsa da, Yerevan onun rədd edilməsini Stepanakertin boynuna atmağı lazım bildi.

Həm “paket”, həm də “mərhələli” təkliflər aşağıdakı addımları nəzərdə tuturdular:

  • erməni qüvvələrinin Laçından başqa, DQ-ın bütün ətraf rayonlarından çıxarılması (burada koridor deyil, bütov Laçın rayonu nəzərdə tutulurdu);
  • beynəlxalq sülhməramlı qüvvələrin DQ-la Azərbaycan arasında yerləşdirilməsi;
  • deport edilmiş əhalinin daimi yaşayış yerlərinə qaytarılması.

“Paket” və “mərhələli” sxemlər arasındakı əsas fərq DQ-ın statusu ilə bağlı bənddə idi. “Paket” sxeminə əsasən DQ-a Azərbaycanın tərkibində yüksək muxtariyyət verilirdi ki, bu da Yerevan və Stepanakert üçün yolverilməz idi, “mərhələli” variant isə ümumiyyətlə status probleminə toxunmur və bu mübahisəli məsələni sonraya saxlayırdı.

Bakıda hər iki – həm “paket” , həm də “mərhələli” sxemi qəbul edilən saydılar. Yerevan “mərhələli” sxemlə bəzi düzəlişlərlə olsa da razılaşdı, amma Stepanakert hər iki təklifi rədd etdi və bu artıq Ermənistan və DQ-ın planlaşdırılmış hiyləsi deyildi.

Stepanakert hakimiyyəti bəyan etdi ki, “paket” və “mərhələli” variantlar arasında əhəmiyyətli bir fərq yoxdur, çünki hər iki halda statusla bağlı məsələ Azərbaycanın xeyrinə həll olunur. “Paket” həll zamanı altı rayonun qaytarılmasının müqabilində Dağlıq Qarabağ ancaq Azərbaycanın tərkibində yüksək muxtariyyət əldə edirdi. “Mərhələli” həll zamanı isə altı rayon qaytarılırdı, status məsələsi isə havada asılı vəziyyətdə qalırdı. Aydın məsələ idi ki, altı rayonu geri alan Azərbaycan gələcəkdə DQ-a Stepanakertin can atdığı müstəqilliyi verməyə razı olmayacaqdı.

1997-ci ilin sentyabr ayında keçirilən məşhur mətbuat konfransı və özünün həmin ilin noyabr ayında dərc edilən geniş “Müharibə yoxsa sülh” məqaləsində Ter-Petrosyan erməni ictimaiyyətini inandırmağa çalışdı ki, “mərhələli” variant Dağlıq Qarabağın ala biləcəyi maksimumdur. Amma bu zaman o nəinki cəmiyyətin, həm də öz komandasının ciddi müqaviməti ilə üzləşdi.

Nəticədə iki il sonra Ermənistan parlamentində törədilən terror aktı nəticəsində həlak olan Ermənistanın müdafiə naziri Vazgen Sarqsyan və hökumətin baş nazir Robert Köçəryanın başçılıq etdiyi Qarabağ qanadı faktiki olaraq Ter-Petrosyanı istefaya getməyə məcbur etdi.

Üçüncü cəhd – “Ümumi dövlət”

Bir il sonra, 1998-ci ilin axırlarında ATƏT-in Minsk qurpunun həmsədrləri nizamlama ilə bağlı “ümumi dövlət” adını alan yeni təklif irəli sürdülər. Bu sənədin müəllifi Rusiyanın o vaxtkı xarici işlər naziri Yevgeni Primakov idi.

Yerevan həmin təklifi müəyyən, Stepanakert ciddi şərtlərlə qəbul etdi, Bakı isə qəti şəkildə rədd etdi.

Münaqişənin nəticələrinin aradan qaldırılması məsələsində “ümumi dövlət”in konsepsiyası əvvəlki iki sənəddən heç nə ilə fərqlənmirdi. Əsas fərq yenə də DQ-ın statusu ilə bağlı olan bənddə idi. Təqdim olunan təklifin lap əvvəlində deyilirdi ki, “Dağlıq Qarabağ respublika formasında dövlət və ərazi qurumudur və Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində onunla ümumi dövlət yaradır”.

Beləliklə, Azərbaycanın ərazi bütövlüyünü pozmağa imkan verməyən yaradıcı bir yanaşma nümayiş etdirildi, amma bununla yanaşı həmin o bütövlüyün çərcivəsində Dağlıq Qarabağ faktiki olaraq müstəqil bir vahidə çevrilirdi. Diplomatik dairələrdə həmin vaxtlar Dağlıq Qarabağa münasibətdə aşağıdakı maraqlı bir ifadə işlənirdi: “De-yure Azərbaycanın tərkibində, de-fakto müstəqil dövlət”.

“Ümumi dövlət” prinsipinə görə, Dağlıq Qarabağın öz himni, gerbi, bayrağı, milli qvardiya və polisi, dövlət dili isə erməni dili olmalı idi. DQ sakinləri xüsusi “Dağlıq Qarabağ” nişanı olan Azərbaycan pasportu almalı idilər. Onlar Azərbaycan parlamentində öz nümayəndələrini seçə və prezident seçkilərində iştirak edə bilərdilər. DQ-ın öz səfirlikləri olmasa da, onun müxtəlif ölkələrdəki Azərbaycan səfirliklərində nümayəndələri ola bilərdi.

Heydər Əliyev bu təklifin Azərbaycan üçün yolverilməz olduğunu bildirdi, çünki faktiki olaraq Azərbaycanın tərkibində iki müstəqil dövlət yaradılırdı və Bakı Stepanakert üzərində nəzarəti itirirdi. Bakıdan başqa şərhlər də səsləndirildi.
Belə ki, Əliyevin müşaviri Vəfa Quluzadə Azərbaycanın bu təklifi qəbul etdiyi halda Qarabağ ermənisinin Azərbaycan prezidenti ola bilməsi ilə bağlı narahatlığını ifadə etdi.

Dördüncü cəhd – ərazi mübadiləsi

1999-cu ilin yazında Vaşinqtonda Köçəryanla Əliyev arasında ikitərəfli danışıqlar başladı, nəticədə 2001-ci ilin yazında qeyri-rəsmi “Ki-Uest sənədi” yaradıldı.

Azərbaycanın yenə də rədd etdiyi bu sənəd birinci üç sənəddən fərqli olaraq dərc olunmamış qaldı. Məlum olan ancaq odur ki, o qismən ərazilərin mübadiləsi fəlsəfəsinə əsaslanırdı. Dağlıq Qarabağa Laçın koridorundan Ermənistana yol açılırdı, Azərbaycan isə bunun əvəzində Ermənistanın uzaq cənubunda yerləşən Meqri rayonu vasitəsi ilə Naxçıvana quruyolla çıxış əldə edirdi.

 

Dağlıq Qarabağ DQMV-nin bütün sahəsi də daxil olmaqla – 4,4 min kvadrat kilometr Ermənistana birləşdirilirdi, erməni qüvvələrin nəzarəti altında olan 7 min kvadrat kilometrlik ərazi isə Azərbaycanın tərkibinə keçirdi.

Yeri gəlmişkən, Florida ştatında yerləşən Ki-Uest adası Ernest Heminqueyin özünün gözəl “Əlvida silah” əsərini yazdığı yerdir. Danışıqlar “proximity talks” formatında keçirilirdi: prezidentlər üzbəüz danışmır, iki ayrı otaqda vasitəçilərlə söhbət edirdilər.

Vasitəçilər tərəflərin tələb və narahatlıqlarını dinləyir və bunun əsasında münaqişənin nizamlanması layihəsini tərtib edirdilər. Qarabağ münaqişəsinin nizamlanması üçün Ki-Uestə ABŞ dövlət katibi Kolin Pauell gəldi, qayıdarkən isə prezidentləri Vaşinqtonda prezident Corc Buş qəbul etdi.

Ki-Uestə yola düşərkən Bakı hava limanında Heydər Əliyev bildirdi ki, Qarabağ münaqişəsinin nizamlanması naminə Antarktidaya da getməyə hazırdır. Evə qayıdandan sonra isə Əliyev Ki-Uestdə əldə edilən ilkin razılaşmalardan imtina etdi. Ermənistanda, Dağlıq Qarabağda və diasporada isə Robert Köçəryanı torpaqları Azərbaycana qaytarmaq və Meqridən imtina etmək niyyətinə görə sərt tənqidə məruz qoydular.

Beşinci cəhd – təxirə salınmış referendum

2004-cü ildən Praqa prosesi adını alan yeni danışıqlar mərhələsi başlandı. Belə görünürdü ki, 2006-cı ildə Parisdəki Rambuye sarayında tərəflər ümumi prinsiplərlə bağlı razılıq əldə etməyə yaxındırlar.

Praqa prosesinin əsas yeniliyi aşağıdakıları nəzərdə tutan təxirə salınmış referendum ideyası idi:

  • Qarabağ qüvvələri beş rayonu tərk edir;
  • Kəlbəcərin qaytarılması məsələsi DQ-da referenduma paralel olaraq həll olunur.

Amma tərəflər Kəlbəcərin qaytarılması qrafiki və DQ-da referendumun keçirilməsi vaxtı ilə bağlı razılığa gəlmədiyi üçün danışıqlar baş tutmadı. Laçın koridorunun status məsələsi də mübahisəli olaraq qalırdı.

2007-ci ilin noyabr ayında Madriddə Minsk qrupunun həmsədrləri Yerevan və Bakıya 14 bənddən ibarət və təxirə salınmış referendumun fəlsəfəsinə əsaslanmalı olan sənəd təqdim etdilər. Bu, işçi sənəd idi və danışıqların müxtəlif mərhələlərində onu, hansı detalın dəyişikliklərə məruz qalmasından asılı olaraq, gah Ermənistan, gah da Azərbaycan rədd edirdi.

Madrid prinsiplərində aşağıdakı bəndlər nəzərdə tutulurdu:

  • DQ-ın yekun hüquqi statusu DQ əhalisinə azad və açıq şəkildə istəyini bildirmək imkanı verən plebisit yolu ilə müəyyən olunacaq.
  • Aralıq dövrdə, DQ-ın yekun hüququ statusu müəyyən olunana qədər onun əhalisinin müəyyən hüquq və səlahiyyətləri olacaq.
  • Erməni nəzarətində olan DQ ətrafındakı bütün Azərbaycan əraziləri Azərbaycanın nəzarəti altına qaytarılacaq.
  • Razılaşdırılmış endə olan koridor DQ-ı Ermənistanla əlaqələndirəcək.
  • Dütün daxili miqrantlar və münaqişədən zərər çəkən rayonlardan olan qaçqınlar könüllü şəkildə qayıtmaq haqqını alır.
  • Beynəlxalq sülhməramlı qüvvələr Sülh Müqaviləsi qüvvəyə minəndən dərhal sonra yerləşəcək.

Bu gün

1994-cü ildən tərəflərin mövqeləri hətta ayrı-ayrı məsələlərdə də yaxınlaşa bilmədi. Bundan əlavə, hərbi ritorika və düşmən təbliğatı da əlavə olunan bu mövqelər daha da sərtləşdi. Son iki il ərzində atəşkəs rejimi o qədər tez-tez pozulur, təxribatlar və bir-birinin ərazisinin atəşə tutulması halları o qədər tez-tez baş verir ki, artıq atəşkəs rejiminin işləmədiyini də demək olar.

Burada çoxlu sayda səbəb gətirmək və günahkarların adını çəkmək olar. Amma
əsas səbəb ondadır ki, sülhə can atan münaqişə tərəfləri bu sülhün hesabını ödəmək istəmirlər. Nə qədər ki, cəmiyyətlər bu hesabını ödəməyə hazır deyil, bir o qədər də sülh olmayacaq.

 

Tatul Akopyan – jurnalist, “Ani erməni tədqiqatları mərkəzi”nin koordinatoru, “Sivilitas” fondunun eksperti. “Yaşıl və qara: Qarabağ gündəliyi” və “Araratdan baxış: ermənilər və türklər” kitablarının müəllifi.

Dərc edilib: 31.03.2016