Qarabağda aprel müharibəsi. Bir il sonra

899

Hələ ki sülh prosesində inkişaf yoxdur, tərəflər silahlanmaqda və hərbi arsenalını yeniləməkdə davam edir

Ön söz

1 aprel 2016-cı ildə Jam News mənim “Sülh olmayacaq? Müharibə” adlı analitik yazımı dərc edib.

Təvazökarlıqdan uzaq olsa da deyə bilərəm ki, yaxınlaşmaqda olan müharibənin nəfəsini hiss edirdim. Amma əksər ermənilər kimi də təsəvvür edə bilməzdim ki, yüzlərlə həyata son qoyan yeni müharibə başlaya bilər.

Müharibədən düz iki həftə əvvəl Ermənistan prezidenti Serj Sarqsyan Kiprdə yerli ermənilərlə söhbəti zamanı bildirib ki, yeni müharibənin başlaması ehtimalını demək olar ki, istisna edir. Hərbi əməliyyatlar başlayandan iki gün əvvəl müdafiə naziri Seyran Ohanyan  Elmlər Akademiyasının əməkdaşları ilə görüşü zamanı eyni fikri ifadə edib.

Bir il əvvəl, aprelin 2-də səhər erkən Gümriyə gedərkən yolda xəbər tutdum ki, Dağlıq Qarabağda müharibə başlayıb. Maşını döndərib, Stepanakertə qayıtdım.

JAMnews məndən bu məqaləni yazmağı xahiş edəndə Dağlıq Qarabağa getməyə hazırlaşırdım, apreldə baş verən dörd günlük müharibədən sonra təmas xəttində yaşayış haqqında film çəkmək üçün.

Yerevandan Talışa

Martın 26-da səhər yenidən sükan arxasına əyləşib, təxminən 350 kilometri qət edərək, Yerevandan Talışa yola düşdüm.

2016-cı ildə aprelin 2-nə keçən gecə Azərbaycanın Silahlı Qüvvələri Talışa daxil olub, 14 döyüş istehkamını ələ keçirə və kənddəki demək olar ki, bütün evləri dağıda bildilər.

Qarabağ qüvvələri bu istehkamların bir hissəsini qaytara bildi. Talışda Qarabağ qüvvələri onlarla insan itirdi. Dinc əhali arasında da qurbanlar varıydı. O cümlədən, kəndin qırağındakı evlərdən birində vaxtında qonşu Mataqis kəndinə gedə bilməyən üç yaşlı adam işgəncələrlə öldürüldü.

Talış Qarabağ müharibəsinin ən kədərli tarixlərindən biridir. 1992-1994-cü illərdə kənd təxminən iki il Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olub. Evlərin böyük hissəsi dağıdılmışdı. Amma 1994-cü ilin aprel ayında Qarabağ qüvvələri Talışa daxil ola biləndə, dinc əhalinin bir hissəsi doğma evlərinə qayıtdı.

4 aprel 2016-cı il tarixində mən bombardmandan sonra Talışa gələndə demək olar ki, bütün evləri dağıdılmış gördüm. Kəndə qayıdan cəmi bir neçə sakinə rast gəldim, onlar da əşyalarını götürməyə gəlmişdilər.\

Aprel müharibəsindən sonra bir neçə dəfə Talışda olmuşam. Burada bərpa işləri aparılırdı: kənd administrasiyası, şadlıq evi binası tikilir, su təchizatı bərpa olunurdu. Kənddə artıq elektrik enerjisi, rabitə əlaqəsi, mağaza var, amma hələ bir ailə də olsa qayıtmayıb.

Talışda keçirdiyim bir neçə saat ərzində fəhlələr, inşaatçılarla söhbət etməyə imkan tapdım. Onlar danışır ki, indi kənddə nadir hallarda atəş səsləri eşidilir.

Talışdan Martakerti yan alaraq Ağdam və Martuniyə

Aprel müharibəsi günlərində Dağlıq Qarabağ hökuməti xüsusi hesab açaraq, bütün könüllülərə birbaşa maliyyə dəstəyi vermək imkanı verdi.

Bu yardımla da Dağlıq Qarabağ, Azərbaycan və İran sərhədlərinin kəsişdiyi Talış kəndindən Araks kəndinə qədər faktiki olaraq yeni cəbhə xətti tikildi. Talışdan və təmas xəttinin qonşu istehkamlarından  aydın görünür ki, Azərbaycan da  cəbhə xəttində, xüsusən də Azərbaycan ordusunun irəliləyə bildiyi keçmiş mövqelərdə böyük işlər aparıb. Bu Talış və Lələtəpədir.

Erməni tərəfi etiraf edib ki, (bu da faktdır) dörd günlük müharibə zamanı təxminən 800 hektar ərazi, o cümlədən strateji əhəmiyyəti olan və Araks çayı yaxınlığında yerləşən Lələtəpə yüksəkliyini itirib. \

Talışdan Mataqis kəndinə aparan yol Azərbaycan tərəfindən görünmür. Mataqis intensiv atəşə məruz qalsa da, əhali bir neçə gün sürən təxliyədən sonra evlərinə qayıtdı.

Mataqisdə isti və xoş yaz günü idi. Adamlar ağacların budaqlarını kəsir, sulayır, torpağı belləyirdilər. Su elektrik stansiyası və balıq təsərrüfatları burada kənd sakinlərini onlarla iş yerləri ilə təmin edir.

Martakert Dağlıq Qarabağda Azərbaycan artilleriyası üçün açıq olan yeganə şəhərdir. Aprel müharibəsi günlərində o bir neçə dəfə güclü artilleriya atəşinə məruz qalıb.

Bu günlərdə Martakertdə sakitlikdir. Şəhərin təmas xəttindən bir neçə kilometr aralıda yerləşdiyini bilməsən, buranın müharibə zonası olduğu ağlına belə gəlməz. Burada hələ də 1991-1994-cü illər müharibəsinin izləri görünür: şəhər düz bir il ki, (1992-ci ildən 1993-cü ilə qədər) Azərbaycan qüvvələrinin nəzarəti altında olub və qismən dağıdılıb.

Qaçqın olan sakinlərin yarısından çoxu Martakertə qayıtmadı və başqa yerlərdə, əsasən də Rusiyada yaşamaqda davam edirlər. Bu gün Martakertdə 5000-ə yaxın sakin var. Mən “Martakert” adlı təzə mehmanxanada gecələdim.

Buradan mən Ağdama, oradan da Martuni və Füzuliyə getdim. Təmas xəttinin bu hissəsində bu ilin fevral ayında Azərbaycan tərəfi altı qurban verdi – Azərbaycan hərbçilərinin Qarabağ ərazisinə keçmək cəhdinin qarşısı alınmışdı. Aprel müharibəsindən sonrakı bir il ərzində bu, Azərbaycan tərəfi üçün ən ciddi insident oldu.

Bundan əvvəl, 29 dekabr 2016-cı ildə Azərbaycan qüvvələrinin Çinari kəndi ərazisində Ermənistan-Azərbaycan sərhədini keçmək cəhdi üç erməni və bir azərbaycanlının ölümü ilə nəticələndi.

Bu, Aprel müharibəsindən sonra ən böyük itkilər idi. Amma il ərzində onlarla erməni və azərbaycanlı hərbçisi snayperlərin qurbanı oldu. Ümumilikdə isə Ermənistan-Azərbaycan sərhədinin perimetri üzrə “nə sülh, nə də müharibə” və ya “həm sülh, həm də müharibə” vəziyyəti saxlanılırdı.

Qadrut şəhərində gecələyəndən sonra Lələtəpə tərəfə üz tutdum, amma bura çatmamış, yolumu Araks çayının sahili ilə Cəbrayıl, Qubadlı, oradan da Ermənistanda yerləşən Qoris tərəfə davam etdirdim. Üç gün ərzində bütün təmas xətti boyu getdim, çox sayda insanlarla söhbət etdim.

Bütün qarşıma çıxan insanlar da yeni müharibə təhlükəsini dərk edərək, sülhün vacibliyindən danışırdılar. Xatırladanda ki, danışıqlar vaxtı həm də ərazilərin  qaytarılması məsələsi də müzakirə olunur, heç kim bu haqda eşitmək belə istəmirdi. Anladığım qədər, sülhün ərazilərin qaytarılması hesabına başa gəlməyini istəmirlər.

Münaqişənin sülh yolu ilə nizamlanması prosesi

Aprel müharibəsi danışıqlar prosesinə ciddi zərbə endirdi. Azərbaycanla sülhün ərazilərin qaytarılması yolu ilə bərqərar olmasının tərəfdarları olan ermənilərin sayı da xeyli azaldı.

Rəsmi Yerevan dəfələrlə bəyan edib ki, münaqişəni Madrid prinsipləri əsasında nizamlamağa hazırdır, bu prinsiplər də aşağıdakıları nəzərdə tutur:

ərazilər Azərbaycana qaytarılır, o da Dağlıq Qarabağın öz müqəddəratını həll etmək hüququnu tanıyır. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan  bu cür nizamlama variantını məqbul sayır və bildirir ki, bu məsələdə Serj Sarqsyanı dəstəkləməyə hazırdır.

Bununla belə İlham Əliyev Dağlıq Qarabağın de-fakto statusunu de-yure təsbit edəcək sənədi imzalamağa hazır deyil. Əliyev bir neçə dəfə bildirib ki, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq. Buna cavab olaraq da Serj Sarqsyan bəyan edib ki,  Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi ancaq Azərbaycanın tərkibindən kənarda təmin oluna bilər.

Aprel müharibəsindən sonra prezidentlərin iki görüşü olub: mayın 16-da Vyanda ATƏT-in Minsk qrupu çərçivəsində, 20 iyulda Sankt-Peterburqda Vladimir Putinin iştirakı ilə.

Yeni silahlanma rəqabəti 

Hələ ki sülh prosesində inkişaf yoxdur, tərəflər silahlanmaqda və hərbi arsenalını yeniləməkdə davam edir.

Fevralda Stokholm sülh problemlərini tədqiqatı institutu illik hesabat dərc edib, bu hesabata görə, son beş il ərzində Azərbaycan Ermənistandan 20 dəfə çox silah idxal edib. Daha çox silahı da Azərbaycan Ermənistanın strateji tərəfdaşı sayılan Rusiyadan alır.

Rusiya Ermənistana da silah satır. 2016-cı ilin sentyabr ayında Yerevanın mərkəzi meydanında hərbi parad zamanı “İskander” nümayiş olunub, bu günlərdə  Stepanakertdə Serj Sarqsyan özünü nəzərdə tutaraq bildirib ki, “bu gün Ermənistan SQ-nin ali baş komandanı lazım olarsa, gözünü qırpmadan, “İskander” sisteminin istifadəsi haqqında əmr verəcək. Bunu da qonşu ölkədə bilirlər”.

Prezident İlham Əliyev hər imkan düşəndə bildirir ki, ermənilər Azərbaycan ərazilərini boşaltmasa, Azərbaycan Qarabağ məsələsini hərbi yolla həll etməli olacaq.

2016-cı ilin aprel ayında bu, alınmadı.

Tatul Hakopyan

Tatul Hakopyan: “Sivilitas” fondunun eksperti, Ermənistanın “Ani” tədqiqatlar mərkəzinin əlaqələndiricisi, “Yaşıl və qara: Qarabağ gündəliyi” və “Araratdan baxış: ermənilər və türklər” kitablarının müəllifi.

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

 

Sülh olmayacaq? Müharibə?