John Kerry-nin bəyanatına reaksiyalar
ABŞ Dövlət katibi John Kerry-nin Ermənistan və Azərbaycan liderlərinin “hazır olmaması” səbəbindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının “mümkünsüz görünməsi” haqda fikri ölkə siyasətçiləri arasında tənqidlə qarşılanıb.
Millət vəkili Aydın Mirzəzadə bu fikrin səslənməsinin “böyük təəssüf” doğurduğunu deyib, müstəqil siyasi şərhçi Zərdüşt Əlizadə isə bu fikri ATƏT-in Minsk Qrupunun “ümumi mövqeyi” kimi dəyərləndirib.
ABŞ Dövlət katibi John Kerry 8-ci Washington İdeyaları Forumunda deyib ki, “Müasir dünyada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür, çünki, hər şeydən əvvəl, liderlər buna hazır deyil”, APA yazır.
Politoloq Zərdüşt Əlizadə deyir ki, John Kerry-nin səsləndirdiyi fikir əslində, Minsk qrupu həmsədrlərinin ümumi mövqeyini, “münaqişənin görünən zahiri cəhətini” vurğulayır.
Siyasi təhlilçi düşünür ki, Minsk qrupuna daxil olan hər üç ölkə, Fransa, Rusiya və ABŞ “qəti qərarlıdır ki, bu münaqişə həll edilməsin, çünki hər bir ölkə bu münaqişədən öz xeyrini güdür”
“O, [John Kerry] riyakarlıqla Ermənistanın təcavüzkar və işğalçı olduğunu demir. Bu işğalçı dövlətlə Minsk qrupunun hər üç həmsdərinin var gücü ilə iqtisadi, hərbi, mənəvi və maliyyə yardımı göstərməsini danır. Onu qabartmır, diqqətə çatdırmır. Təbii ki, belə olan halda o haqlıdır”, politoloq dövlət katibinin dediklərini Minsk qrupunun “rəsmi mövqeyi” olduğunu vurğulayır.
“Gözlənilən idi”
Millət vəkili Aydın Mirzəzadə deyir ki, John Kerry-nin belə bir fikir bildirməsi “böyük təəssüf” doğurur.
Millət vəkili 1988-ci ildə baş verən hadisələri xatırladaraq əlavə edir ki, “John Kerry-dən belə bir bəyanatın nə vaxtsa verilməsi gözlənilən idi”
“1988-ci ildə Dağlıq Qarabağ problemi süni yola şişirdiləndə o, [John Kerry] bir qrup senatla Mixail Qarbaçova məktub yazaraq Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etmişdi. Bunun içində yatan yanaşma nə zamansa neytrallığı bir kənara qoyub, Ermənistanla Azərbaycanı tərəzinin eyni gözünə qoyulmasına gətirib çıxaran səbəb olmalı idi”, millət vəkili “bu heç də ABŞ-ın xarici siyasətinə baş ucalığı gətirmir” deyir.
“ABŞ-ın bu problemin həllinə çox ciddi təsir imkanları var” deyən millət vəkilinin fikrinə görə, bu gün ABŞ-ın Ermənistandan Azərbaycanın ərazi bütövlüyünü tələb etməsi kifayətdir ki, münaqişənin həllinə beynəlxalq aləmdə dəstək verilsin.
Aydın Mirzəzadə əlavə edir ki, ABŞ-ın nə deməsindən asılı olmayaraq Azərbaycan Dağlıq Qarabağ problemini özü həll edəcək.
“Heç bir fövqəl dövlət Azərbaycanın Dağlıq Qarabağ probleminin həllinə hər hansı real kömək etməyib indiyə qədər. İqtisadiyyatımızı da özmüz qaldırmışıq, Dağlıq Qarabağ məsələsini də özümüz gündəmdə saxlamışıq”, deyə millət vəkili “kimin nə deməsindən asılı olmayaraq Azərbaycan öz hüquqlarını qorumağı” bacarmasını qeyd edir.
Ermənistanda nə deyirlər?
John Kerry-nin bəyanatı ilə bağlı rəsmi Yerevan hələ ki, reaksiya verməyib.
BBC Azərbaycanca üçün cənab Kerry-nin bəyanatını ANİ Erməni Araşdırmalar Fondunun koordinatoru Tatul Hakobyan şərh edir.
Təhlilçinin fikrincə, ABŞ dövlət katibi “heç bir yeni fikir” söyləməyib və onun dedikləri heç kəs üçün sirr deyil.
“Hamı bilir ki, bu gün Ermənistan və Azərbaycan prezidentləri [Qarabağ münaqişəsinin həlli üçün] hazır deyillər. Lakin bu problemin aradan qaldırılması üçün tək prezidentlərin hazır olması azdır”.
“Mən deyərdim, sözügedən hazırlıq üç müxtəlif səviyyələrdə mövcud olmalıdır. İlk növbədə, buna xalqlar hazır olmalıdır. Birmənalı aydındır ki, xalqlar buna hazır deyil.
İkincisi, hər iki ölkədə tək prezidentlər deyil, hakim – biri avtoritar, o birisi totalitar rejimlər – buna hazır deyil.
Və üçüncüsü, beynəlxalq cəmiyyət, o cümlədən, baş katibi bu haqda söz açan Birləşmiş Ştatlar hazır deyil”, – BBC müxbirinə Tatul Hakobyan deyib.
Təhlilçinin sözlərinə görə, hazırda elə bir vəziyyət yaranıb ki, bu üç səviyyənin heç birində heç bir ciddi hərəkət baş vermir: “Əhali, ictimaiyyət sülhə hazırlaşdırılmır, əksinə, hər gün onlara anti-erməni və anti-Azərbaycan zəhəri aşılanır. Bu, hər iki ölkə rəhbərliyi, dövlət başçıları üçün daim danışıqlar aparmaq, məsələni həll etməmək və bundan hakimiyyət başında qalmaq niyyəti ilə sui-istifadə etmək üçün gözəl bir bəhanədir”.
Fövqəldövlətlərə gəldikdə isə, təhlilçi istehza ilə ərz edir ki, onların gündəmində, o cümlədən ABŞ-ın, Qarabağdan daha vacib məsələlər durur: “Nə olacaq e? Qoy lap ildə bir 100 erməni və azərbaycanlı bir-birini qırsın. Onlar [böyük dövlətlər] üçün ən vacibi odur ki, münaqişə idarəolunan münaqişədir və region üçün ciddi problemlər yaratmır. Qapalı bir bölgədə ildə bir 100 erməni və azərbaycanlı ailəsi üçün bədbəxtlik doğuran kiçik bir münaqişədir də…”.
Tatul Hakobyan ABŞ dövlət katibinin bəyanatını Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından “uğursuz” hesab edir.
“O [Kerry], yeni bir fikir söyləməyib, lakin o hal ki, bir nömrəli fövqəldövlətin bir nömrəli diplomatı deyir ki, bu məsələ həll olunmazdır, mən bunu yaxın gələcəkdə Qarabağ probleminin həllində irəliləyiş gözlənilmədiyinə dair bir mesaj kimi qəbul edirəm”, – BBC müxbirinə Tatul Hakobyan deyib.