Dağlıq Qarabağ atəşkəsdən bir gün əvvəl

812

Tatul Hakobyan, Stepanakert

JAM-news, http://www.jam-news.net/Publication/Get/az-Latn-AZ/1637

Hadisə yerindən ilk təəssüratlar

4 aprel. İtkilər

12 yaşlı Vaqinak Qriqoryanın cənazəsi ağ və qırmızı yaz gülləri ilə örtülüb. Aprelin biri səhər o iki qardaşı ilə birlikdə məktəbə gedirdi ki, Azərbaycan silahı qüvvələri ərazini “Qrad” qurğularından atəşə tutmağa başladı.

Balaca oğlan məktəbə, biliyə, böyüməyə, dərsdən sonra anasının ağuşuna qayıtmaq üçün gedən yolda, mənzil başına çatmamış öldü. Qardaşlarının bəxti daha çox gətirdi. Biri ağır yaralandı və ayağını itirdi, digəri isə daha az zədə aldı.

Dağlıq Qarabağın müxtəlif yaşayış məntəqələrində aprelin 1-də Qarabağ və Azərbaycan qüvvələrinin bütün təmas xətti boyu başlayan geniş miqyaslı hərbi əməliyyatlar nəticəsində ölən mülki şəxsləri və hərbiçiləri dəfn edirlər. Azərbaycan son illərdə əldə etdiyi silahlardan, o cümlədən də Rusiya istehsalı olan “Qrad” qurğuları və İsrailin pilotsuz uçuş aparatlarından geniş istifadə edir. Mardakert ərazisində Azərbaycanın pilotsuz uçuş aparatı mülki şəxsləri daşıyan avtobusu vurub və nəticədə 7 nəfər ölüb.

4 gün ərzində Qarabağ tərəfi hərbiçilər arasında 20 nəfər və 11 mülki şəxs itirib. Daha 26 hərbiçi itkin düşmüş sayılır. Yaralıların sayı yüzə çatır. Bu rəqəmləri Dağlıq Qarabağın Müdafiə Nazirliyinin operativ şöbəsinin rəisi Viktor Arustamyan aprelin 4-ü axşam təqdim edib. Onun sözlərinə görə, Azərbaycan tərəfindən ən azı 300 nəfər həlak olub.

Azərbaycanın aprelin 1-də etdiyi hücum 1994-cü ildə atəşkəs elan olunan andan bu günə qədər görünməmiş bir hücum oldu. Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində təmas xəttinin şimal-şərq və cənub-şərq hissələrində bir sıra strateji əhəmiyyətli yüksəklikləri ələ keçirə bildilər, amma qızğın döyüşlər nəticəsində Qarabağ ordusu onların əksəriyyətini qaytara bildi.

Aprelin 4-nə olan məlumata görə, Dağlıq Qarabağ rəhbərliyi rəsmi səviyyədə etiraf etdi ki, erməni ordusu 8 hərbi mövqeyi qaytara bilmədi, onlardan 3-ü şimal-şərq və Martakert, beşi də cənub-şərqi, Horadiz istiqamətində yerləşir. Bu mövqelər uğrunda intensiv döyüşlər gedirdi.

Bizdə olan məlumata görə, Qarabağ ordusu qarşısında bütün hərbi mövqelərin qaytarılması məqsədi qoyulmuşdu və bu baş verməyənə qədər hərbi əməliyyatların dayandırılması haqqında danışmaq mənasızıydı.

Nə baş verir

Bu dəfə kim birinci atəş açdı? Kimdir günahkar? Bu cür sualları münaqişələri öyrənən nəzəriyyəçilər, politoloqlar, həm də Qafqazda öz maraqlarını güdənlər verə bilər, 150 minlik əhalisi olan və yenə də dinc əhalisi və o cümlədən də məktəbə tələsən uşaqları ölən Dağlıq Qarabağ deyil.

Hərbi əməliyyatlar informasiya müharibəsi ilə müşayiət olunur. Azərbaycan tərəfinin ermənilərin Dağlıq Qarabağda ciddi hərbi və ərazi itkiləri verməsi ilə bağlı məlumatları həqiqəti əks etdirmir. Martakert rayonunun iki – Talış və Mataqis kəndlərinin əhalisi təxliyə olunsa da, Bakının bu iki məntəqəni alması ilə bağlı məlumatı həqiqəti əks etdirmir.

Bütün təmas xətti boyu Azərbaycan SQ-i bəzi ərazilərdə cəmi 100-250 metr qabağa irəliləyə bilib. İntensiv bombardmana baxmayaraq, onlar bir dənə də olsun yaşayış məntəqəsini ələ keçirə bilməyiblər.

Yerli və xarici mətbuatın Qarabağ və Azərbaycan ordularının bütün təmas xətti boyu 4 gün ərzində davam edən intensiv döyüşlərə marağını nəzərə alaraq, Dağlıq Qarabağın Müdafiə Nazirliyinin təşəbbüsü ilə cəbhədəki vəziyyətlə bağlı məlumat verən operativ mərkəz yaradılıb.

Qarabağ ordusunun məlumatına görə, 4 gün çəkən hərbi əməliyyatlar zamanı Azərbaycan silahlı qüvvələri təmas xətti boyu 18 tank, 3 zirehli maşın, 1 ədəd mühəndis texnikası, 2 vertolyot, 6 pilotsuz uçuş aparatı və bir “Qrad” qurğusunu itirib. Həmin dövr ərzində Qarabağ tərəfi 7 tank itirib.

Hadisə yerindən təəssüratlar

Mən aprelin 1-dən buradayam. Biz təmas xətti ilə qonşuluqda yerləşən onlarla yaşayış məntəqəsinə baş çəkirik və əminliklə deyə bilərik ki, mülki əhali arasında panika yoxdur. Stepanakertdə həyat öz axarı ilə gedir. Dağlıq Qarabağın ikinci böyük şəhəri olan Martakertin sakinləri üçün mürəkkəb vəziyyət yaranıb. O, Azərbaycan tərəfindən daimi atəşə tutulur, o cümlədən də “Qrad” qurğularından, çünki təmas xəttinin bilavasitə yaxınlığında yerləşir.

Aprelin 3-də mən Mardakertdə 3-4 saat oldum və bu müddət ərzində şəhərə ən azı 30 mina düşdü. Martakert əhalisi təxliyə edilməyib: bombardman zamanı dinc əhali bomba sığnağında gizlənir.

Dağlıq Qarabağ prezidentinin mətbuat katibi David Babayan aprelin 4-ü axşam bildirib ki, Azərbaycan Stepanakert və Dağlıq Qarabağın digər iri şəhərlərinə zərbə endirsə, hərbi əməliyyatlar “Azərbaycan ərazisinin içinə” keçəcək. Bundan əvvəl Azərbaycan müdafiə naziri bütün növ qoşunlara, o cümlədən də raket və artilleriya qoşunlarına Stepanakert və digər “işğal olunmuş yaşayış məntəqələrinə” Azərbaycan Silahlı Qüvvələrinə məxsus ağır silahların istifadəsi ilə məhvedici zərbələr endirməyə hazır olmağı əmr etdi.

Ciddi beynəlxalq, o cümlədən də diplomatik müdaxilə olmadan, təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə danışmağa dəyməz. Stepanakertin hərbi və siyasi rəhbərliyinin qeyd etdiyi kimi, Qarabağ ordusu Azərbaycan tərəfinin hücumlarını uğurla dəf edir və uzunmüddətli perspektivdə yeni hücumlara hazırdır.

Stepanakertdə qeyd edirlər ki, hərbi əməliyyatların dayandırılması üçün Azərbaycan tərəfi özünün ön birləşmələrini əvvəlki, aprelin 1-də birinci hücuma qədər olan mövqelərinə qaytarmalıdır. Əks təqdirdə Qarabağ ordusu məsələni güc metodu ilə həll edəcək.

Bu, niyə indi baş verdi?

Dağlıq Qarabağ və Azərbaycanın təmas xəttində hərbi əməliyyatlar dünya ictimaiyyəti üçün gözlənilməz ola bilərdi, Dağlıq Qarabağın rəhbərliyi və sakinləri üçün yox.

Azərbaycan 1991-1994-cü illərdə müharibədə məğlub oldu və son illərdə Ermənistan və Dağlıq Qarabağla rəqabətə girərək, silah qaç-qovması həyata keçirirdi. Təbii ki, bu silah əvvəl-axır istifadə olunmalı idi.

Amma niyə məhz indi?

Dağlıq Qarabağın siyasi və hərbi rəhbərliyi gərginliyin artmasının bir neçə səbəbini qeyd edir:

  • Birincisi, bu Azərbaycanda daxili siyasi və daxili iqtisadi vəziyyətdir. Azərbaycan rəhbərliyi öz cəmiyyətinin diqqətini ölkədə yaranan iqtisadi vəziyyətdən yayındırmağa və ictimai fikri öz ətrafında cəmləməyə çalışır.
  • İkincisi, Stepanakertdə hesab edirlər ki, misilsiz hərbi gərginləşmədə Azərbaycanın bir nömrəli strateji müttəfiqi və tərəfdaşı olan Türkiyənin öz rolu və marağı var.
  • Burada qərb mətbuatında geniş yayılan versiya ilə, yaranmış vəziyyətin özünün 1990-cı il planını – 1994-cü ildə Abxaziyada nail olduğu Dağlıq Qarabağla Azərbaycan arasında öz sülhməramlılarını yerləşdirməklə bağlı planını reallaşdırmaq istəyən Rusiyanın da xeyrinə olması fikri il razılaşmırlar.
  • Daha bir mümkün səbəb qeyd olunur: Azərbaycan vəziyyəti misilsiz şəkildə gərginləşdirməklə ATƏT-in Minsk qrupu həmsədrlərinin təmas xəttində baş verən insidentlərin effektiv araşdırılması mexanizmlərinin yaradılması ilə bağlı təkliflərini aradan qaldırmaq istəyir. Ötən illərdə Azərbaycan davamlı olaraq, ATƏT-in Minsk qrupu həmsədrlərinin ön xətdən snayperləri götürməklə bağlı təkliflərini də iqnor edir.

Bu müharibədə kim maraqlıdır?

Dağlıq Qarabağda əmindirlər ki, təmas xəttində vəziyyətin gərginləşməsində və yeni müharibədə maraqlı olan Azərbaycandır, çünki o uduzub və revanşa can atır. Azərbaycan ötən 20 il ərzində müharibəyə bir sıra səbəbdən başlamayıb, bunların arasında həyata keçirilən danışıqlar da böyük əhəmiyyət kəsb edirdi. Azərbaycan danışıqlar vasitəsilə özü üçün münasib olan nizamlama variantlarına nail ola bilməyəcəyinə əmin olduqca, yeni müharibənin başlanması təhlükəsi və ehtimalı artır.

Atəşkəs rejiminin pozulmasında ilk növbədə Azərbaycan maraqlıdır, çünki bu gün üçün status-kvo erməni tərəfi üçün daha münasibdir. Danışıqlar prosesi artıq dirəndiyi üçün Bakı Qarabağ münaqişəsinə silah istifadəsi vasitəsi ilə diqqət çəkməyə çalışır.

Bundan əlavə, tez-tez atəşkəs rejimini pozmaqla Bakı erməni tərəfini danışıqlar masasında güzəştə getməyə vadar etməyə çalışır. Bunu da bu günkü gərginliyin səbəblərindən biri hesab etmək olar.

 

Manşet fotosu: Photolur

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Dərc edilib: 07.04.2016

Foto: Knar Babayan